02 okt 2023 - 06 okt 2023
74-cü Beynəlxalq Astronavtika Konqresi bu ilin oktyabrında Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbir dünyanın hər yerindən kosmik sənayenin inkişafı və gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə 6000 iştirakçını bir araya gətirəcək.
2019-cu ildə tədbirə ev sahibliyi etmək hüququ qazanan Azərbaycanın 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Futuristik görünüşlü Bakı Konqres Mərkəzi əzəmətli Heydər Əliyev Mərkəzini və Sərgi Pavilyonunu özündə birləşdirərək Bakının mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından qısa məsafədə yaşıllıq zolağı ilə əhatə olunub.
Konqres iştirakçılara kosmik texnologiya sahəsində ən son yeniliklər haqqında məlumat əldə etmək, tərəfdaşlıq əlaqələri qurmaq, şəbəkələşmək, ideya və layihələri nümayiş etdirmək imkanı verəcək.
Bu mötəbər tədbirin ikinci dəfə ölkəmizdə keçirilməsi əlamətdar hadisə hesab olunur, çünki Azərbaycan kosmik sənayenin inkişafına töhfə verərək bu sahədə regional lider kimi çıxış etmək uğrunda çalışır. Konqresə ev sahibliyi etmək Azərbaycana kosmos sənayesi üzrə tədqiqatların inkişafına öz töhfələrini nümayiş etdirmək və dünya təcrübəsindən öyrənmək imkanı yaradır.
Kosmos həvəskarı və ya sənaye üzrə peşəkar olmağınızdan asılı olmayaraq 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmosun tədqiqində maraqlı olan hər kəs üçün vacib tədbirdir. Bu kosmik təcrübənin bir hissəsi olmaq və kosmosun gələcəyini formalaşdırmaqda iştirak etmək üçün bizə qoşulun.