COVID-19 (Koronavirus) yenilənib

Bakı Qafqazın incisi, Xəzərin mirvarisidir

Xəzərin sahilində mötəbər işgüzar tədbirlərə ev sahibliyi edən Bakının kosmopolit mədəniyyətini, memarlıq ansamblını və qonaqpərvərlik ənənələrini kəşf edin

Dünyada çox az şəhər var ki, bu qədər sürətlə dəyişir, inkişaf edir. Qərblə Şərqin bu şəhərdəki qədər mükəmməl şəkildə birləşdiyi başqa şəhəri düşünmək də çətindir. Kosmopolit ab-havaya malik Bakı klassik üslubda tikilmiş tarixi və mədəni abidələri, dar küçələri və səmaya ucalan Alov qüllələri kimi müasir memarlıq əsərləri ilə daim təzadlar içərisindədir.

Son onillikdə Bakı istər işgüzar tədbirlər, istərsə də müxtəlif tarixi-mədəni məkanlardan zövq almağa gələn bütün ziyarətçilər üçün cəlbedici şəhərə çevrilib. İqtisadiyyat şaxələndikcə şəhər böyük idman və mədəniyyət tədbirlərinə, beynəlxalq görüşlər və konqreslərə ev sahibliyi edən əsas istiqamət kimi regionda vacib mövqe tutur.

Bakının işıq saçan görkəminə dönüb bir daha baxdıqda anlayırsan ki, burada hər şey göründüyündən daha maraqlı və diqqətəlayiqdir. Bakı incəsənət qalereyaları, teatrlar və musiqi məkanları ilə zəngin bir şəhərdir və bu, bir çox ruhu olan küçələrdə öz əksini tapır. Bakıda hər kəs zövqünə uyğun əyləncə, istirahət və maraq dairəsi tapa bilər. Şərq bazarları, gecə həyatı, qədim abidələr, müasir binalar əsl harmoniya yaradır.

Səmaya ucalan Alov qüllələrindən tutmuş möhtəşəm dalğavari quruluşa malik Heydər Əliyev Mərkəzinə qədər, əsrarəngiz orta əsr qalaları və qəsrlərdən tutmuş müasir incəsənət qalereyalarına qədər Bakı ecazkar məkanların şəhəridir. Qısa bir avtomobil turu ilə həmçinin atəşpərəstlərin mirası olan Atəşgahı, yüzillərlə alışıb yanan Yanardağı və hər an püskürməyə hazır palçıq vulkanlarını kəşf edə bilərsiniz. Digər görməli məkanklar haqqında ətraflı məlumat üçün azerbaijan.travel saytını ziyarət edin.

Azərbaycanın qədim İpək Yolu üzərində əlverişli coğrafi mövqedə yerləşməsi həm də onun zəngin mətbəxinə müsbət təsir göstərib. Hər zaman milli mətbəxi, geniş çeşidli ləziz təamları ilə sayılıb-seçilən Azərbaycanda ilin hər mövsümü təbii meyvə və tərəvəzlər, bal və quru meyvələri, dünya səviyyəli qara kürü və zəfəran tapmaq mümkündür. Bakıda milli mətbəximizin ayrılmaz nümunələrini təqdim edən restoranlarla bərabər, tanınmış beynəlxalq restoranlar şəbəkələri, müasir kafelər, karvansaralar və steykhauslar daim xidmətinizdədir.

ekstremal turizm imkanları ilə bərabər, Azərbaycan sağlamlığının qeydinə qalanlar və dəbdəbəli istirahət arzusunda olanlar üçün sağlamlıq və rekreasiya turizmi potensialı ilə dünyadan turistləri cəlb edir. Təbiət öz şəfalı nəfəsini bu torpaqlardan əsirgəməyib - Azərbaycanda mineral bulaqlardan termal sulara, min bir dərdin dərmanı Naftalan neftindən müalicəvi palçıqlara qədər çox sayda müalicə mənbələri var. Şəfalı sanatoriyaları və istirahət kompleksləri il boyunca qonaqların dolğun istirahəti və ruhən yenilənməsinə xidmət edir.