Avropa Gənclər Parlamentinin 99-cu beynəlxalq sessiyasının müxtəlif tədbirlərə ev sahibliyi edən Bakı şəhərində keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində iki il öncə bu tədbirə ev sahibliyi etmək üçün namizədlik əldə olunub. Avqustun 6-dan 12-dək keçiriləcək sessiyada 35 ölkədən 270 gəncin iştirakı gözlənilir. Tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır.
Bakının sözügedən tədbirə ev sahibliyi etməsi ilə bağlı qərar Avropa Gənclər Parlamentinin İdarəedici orqanı tərəfindən anonim səsvermə yolu ilə qəbul edilmişdir. Tədbirin təşkil edilməsində Azərbaycanı beynəlxalq arenada təmsil edən Rüfət Mirfeyzullazadə, Güldanə Dadaşova və Rafael Hacıbəyli baş təşkilatçılar olaraq seçilmişdir.
Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir, 40 ölkədə fəaliyyət göstərən üzv təşkilatları və 30.000-dən çox fəal gənc üzvləri var. Təşkilatın əsas missiyası qlobal aktual problemlərə diqqət yönəldərək gənclər arasında məlumatlılığın artırılması və təhsil imkanlarının genişləndirilməsidir. AGP-nin Azərbaycan nümayəndiliyi bu prinsiplər əsasında Azərbaycanda aktiv vətəndaşlığı və qeyri-formal təhsili fəal şəkildə təşviq edir.
Dünyanın fərqli ölkələrindən iştirakçıları qarşılayan tədbirin mədəniyyətlərarası anlaşmanı təşviq etməsi və gəncləri aktiv vətəndaş olmağa cəlb etməsi əsas məqsədlər sırasındadır. Bu mənada Avropa Gənclər Parlamentinin növbəti uğurunda Bakının ideal tədbir məkanı kimi seçilməsi həlledici rola malikdir.